Avtomobil nə vaxt cərimə meydançasına aparıla bilər?
Sürücüləri daha çox maraqlandıran məsələlərdən biri də avtomobilin hansı hallarda mühafizə olunan duracağa, yəni cərimə meydançasına aparılmasıdır. Yeni İnzibati Xətalar Məcəlləsi bu məsələ ilə bağlı müəyyən xırda yeniliklər təsbit etsə də, əsas müddəalar əvvəl olduğu kimidir.Qüvvədə olan İXM-in 96-cı maddəsinə əsasən, hərəkətdə olan nəqliyyat vasitəsi aşağıdakı hallarda dayandırıldıqdan sonra DYP əməkdaşı tərəfindən cərimə meydançasına yerləşdirilə (aparıla) bilər:
- dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində sürücülük vəsiqəsi olmadıqda;
- dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas (etibarnamə, icarə müqaviləsi, yol vərəqəsi) olmadıqda;
- nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə;
- dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə;
- dayandırılmış nəqliyyat vasitəsi sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda;
- nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda (yerində aradan qaldırmaq mümkün olduqda avtomobil cərimə meydançasına aparıla bilməz);
- yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya DYP orqanının qərarı olduqda;
- icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla yüklənən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri ümumi istifadədə olan avtomobil yollarında idarə edildikdə.
Yuxarıda sadalanan hallardan başqa dayanma və durma qaydalarını pozmaqla park edilmiş və sürücüsü yanında olmayan nəqliyyat vasitəsi də evakuatorla cərimə meydançasına aparıla bilər.
Nəqliyyat vasitəsinin cərimə meydançasına aparıla bildiyi başqa bir hal sürücünün müxtəlif hüquqazidd əməlləri, o cümlədən cinayət xarakterli yol-nəqliyyat hadisələrini törətməsinə görə inzibati qaydada və ya cinayət-prosessual qaydada tutulduğu halda mümkündür. Bu müstəsna hallar baş verdikdə azadlığı məhdudlaşdırılmış (yəni tutulmuş) sürücünün nəqliyyat vasitəsini idarə edə bilən digər şəxs yoxdursa, onun avtomobili sadəcə saxlanılmaq üçün (yəni küçədə, yolda atılıb qalmaması üçün) cərimə meydançasına yerləşdirilir.
Xüsusi qeyd etmək istəyirəm ki, avtoxuliqanlıq törətmiş sürücünün avtomobili sadəcə avtoxuliqanlıq etdiyinə görə cərimə meydançasına qoyula bilməz. Avtoxuliqanın bu əməli törədərkən idarə etdiyi avtomobil cərimə meydançasına yalnız bir halda yerləşdirilə bilər: avtoxuliqan həm də polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq İXM-in 535-ci maddəsində göstərilən xətanı da törətmiş olsun (yəni itaətsizlik göstərsin) və buna görə inzibati qaydada tutulsun. Belə halda da avtoxuliqanın avtomobili məhz onun tutulduğuna görə cərimə meydançasına aparılır. Hətta əgər avtoxuliqanın yanında onun avtomobilini idarə edə biləcək başqa sürücü varsa, tutulmadan sonra da avtomobil cərimə meydançasına aparıla bilməz və onu avtoxuliqanın tutulduğu yerdən həmin sürücü sürərək apara bilər.
Təcrabədə rast gəlinən başqa bir yanlışlıq İXM-in 97.4-cü maddəsində göstərilən halda avtomobilin duracağa aparılmasıdır. Həmin norma elektron protokolun sürücüyə çatdırılması üsulunu təsbit edir (ünvanla bağlı problem olduqda). Bu halda saxlanılmış nəqliyyat vasitəsinin sürücüsünə həmin sənədlərin surəti təqdim edildikdən və müvafiq qeydlər aparıldıqdan dərhal sonra nəqliyyat vasitəsi buraxılır. Yəni sürücü yolda dayandırılır, elektron protokol və onun əlavələri kağıza çap olunaraq ona təqdim edilir və yola salaınır. Bu səbəblə avtomobilin cərimə meydançasına aparılmasından söhbət gedə bilməz. Hətta DYP-nin patrul avtomobilində printer yoxdursa, sürücünü bu əsasla dayandırmaq lazım deyil.
Mövcüd qanunvericiliyimiz hər hansı başqa səbəblə avtomobilin cərimə meydançasına aparılmasını nəzərdə tutmur.
Ərşad Hüseynov,
hüquqşünas